Bakıda Mərakeşin memarlıq irsinə həsr olunmuş fotosərgi açılıb.
"Report" xəbər verir ki, tədbir Mərakeşin Azərbaycandakı səfirliyi və Bakı Fotoqrafiya Evi ilə birgə təşkil olunub.
Sərginin açılışında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş çıxış edib: "Mərakeş, xüsusilə Liksus, Volyubilis və Tamuda kimi yerlərdə qədim memarlığın zəngin irsinə malikdir. Ölkəmizin memarlığındakı antik dövr müxtəlif sivilizasiyaların, o cümlədən Amaziq, Finikiya və Roma mədəniyyətlərinin təsirini əks etdirir”.
Daha sonra səfir İdrisilər, Əlmohədlər, Marinilər sülaləsi və başqalarının hakimiyyəti dövrlərinin məşhur memarlıq abidələri haqqında danışıb.
O qeyd edib ki, İdrisilər sülaləsi (VIII-X əsrlər) Mərakeşdə İslam memarlığının əsasını qoyub.
Öz növbəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib ki, bu sərgi Mərakeşin nadir memarlığını və zəngin mədəni irsini nümayiş etdirir, iki xalqın bir-birini daha yaxşı tanımasına kömək edir.
Ş.Seyidzadənin sözlərinə görə, son 30 ildə ölkələr arasında əməkdaşlıq bir çox sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf edib.