Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa Şəhərciyi-2018” festivalı keçiriləcək.
"Report" xəbər verir ki, ənənəvi olaraq, "Avropa Şəhərciyi" Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən İttifaqa üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.
"Avropa Şəhərciyi"nə baş çəkəcək insanlar Aİ və onun dəyərləri, eləcə də Aİ və Azərbaycan arasında mövcud olan çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat ala biləcəklər.
Tədbir çərçivəsində Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri (master-klas), 3D qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək.
AFFA tərəfindən isə xüsusi futbol meydançası təşkil edilib.
Bundan başqa, festivalın qonaqları Avropa yeməklərinin, o cümlədən “paelya”nın hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar.
"Avropa Şəhərciyi"ndə ilk dəfə olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcək. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət olan milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək.
"Avropa Şəhərciyi" qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq, tədbirə möhtəşəm konsert proqramı ilə yekun vurulacaq. Azərbaycanlı müğənni-bəstəkar Miri Yusif və məşhur italyan müğənni İn-Qrid konsert proqramı ilə çıxış edəcəklər.