Bakı. 9 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyində kinoaktyor Ruslan Sabirlinin və nazirliyin məsul şəxslərinin iştirakı ilə müşavirə keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsi yayıb.
Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda ilk dəfə keçiriləcək Buktreyler Festivalı təşəbbüsünü bəyəndiyini bildirib, sözügedən festivalın cəmiyyətimizə və ölkəmizin gəncliyinə verə biləcəyi töhfələrindən danışıb.
Kinoaktyor Ruslan Sabirli festivalın məqsəd və vəzifələri, keçirilmə qaydaları və bunun üçün ehtiyac olan dəstək barədə müşavirə iştirakçılarına ətraflı məlumat verib.
Müşavirədə Festivalın münsiflər heyətinin tərkibinin seçilməsi, işlərin son qəbul tarixi, festivalın keçirilmə yeri, qaliblərin mükafatlandırılması və s. kimi mühüm məsələlər müzakirə olunub.
İşlərin qəbul tarixinin 10 aprel 2016-cı il tarixinədək artırılması, eləcə də 1, 2 və 3-cü yer qaliblərinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatının təyin edilməsi barədə qərar qəbul edilib.
Nazir Əbülfəs Qarayev bu sadalananların gənclərin festivalda iştirakını stimullaşdırması üçün mühüm şərt hesab etdiyini söyləyib, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin festivalın keçirilməsinə lazımi təşkilati dəstək göstərəcəyini bildirərək bu məqsədlə müvafiq göstərişlər verib.