Yuxarı

Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib

Nazirlik: Seçkilərdə uğur qazanılması Azərbaycanın dünya irsinin qorunmasında rolunu artıracaq, öz irsinin təşviqində böyük rol oynayacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyasının iclası keçirilib. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iclas noyabrın 18-də YUNESKO-nun 38-ci Baş Konfransı çərçivəsində təşkilatın mənzil qərargahında keçirilib.

İclasda Baş Assambleyanın Ümumdünya İrs Komitəsinə seçkilər baş tutub və Azərbaycan bu Komitəyə üzv seçilib.

Nazirlikdən bildirilib ki, seçkilərdə uğur qazanılması Azərbaycanın dünya irsinin qorunmasında rolunu artırmaqla yanaşı, öz irsinin təşviqində və qorunmasında böyük rol oynayacaq.

Qeyd edək ki, komitə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya uyğun olaraq fəaliyyət göstərir və, o, Ümumdünya İrs Siyahısına əlavələr ediləndə yekun və qərarverici səsə malikdir. Həmçinin komitə Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, Ümumdünya İrs Siyahısına artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və təhlükə altında olan irs siyahısına əlavələr etməyə qərar verir.

Xatırladaq ki, 2000-ci ildə Qız Qalası və Şirvanşahlar Sarayı ilə birgə İçəri Şəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi