Moskvada keçirilən "Heimtextil 2021" beynəlxalq ev tekstili, interyer parçaları və dekor materialları sərgisi çərçivəsində Azərbaycan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan xalçalarının ixracı. Azərbaycan xalçalarının və tekstilinin Rusiyada populyarlaşdırılması” mövzusunda müzakirələr baş tutub.
“Report”un Rusiya bürosu məlumat verir ki, görüş çərçivəsində Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev çıxış edərək Azərbaycan xalçalarının ilk partiyasının Rusiyada satışı haqqında danışıb.
“Əl işləməsi olan Azərbaycan xalçalarının ilk partiyasının Rusiya Federasiyası ərazisində satışı artıq həyata keçirilib. Bu il regional əməkdaşlığın genişlənməsi ilə səciyyəvidir. O, Azərbaycan xalçalarının Rusiyada populyarlaşdırılmasının başlaması ilə üst-üstə düşdü. Yekaterinburqda Azərbaycan xalçalarının nümayiş olunacağı sərginin keçirilməsi haqqında yüksək səviyyədə razılıq əldə olunub”, - R.Əliyev deyib.