Rüstəm İbrahimbəyovun vəfatından sonra boş olan Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədrliyinə namizəd müəyyənləşib.
Bunu "Report"un sorğusuna cavab olaraq ittifaqın katibi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib.
Onun sözlərinə görə, qurumun İdarə Heyəti yeni sədrin seçilməsi məsələsini müzakirə edib və yekdil qərarla Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb.
B.Vəziroğlu vurğulayıb ki, hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsini tutan R.Balayev Azərbaycan kinosunun brendidir və alternativi yoxdur: "Rasim müəllim ittifaqın sədri olmağa bir az tərəddüd edirdi. Dedi ki, yaşlıyam, səhhətimdə də problemlər var, amma biz razılaşmadıq. Bildirdik ki, ittifaqın yaşaması və inkişafı üçün onun kimi rəhbərə ehtiyac var. İdarə Heyətinin bütün üzvləri Rasim Balayevin namizədliyini dəstəklədi. O, seçkidə sədrliyə tək namizəd olacaq".
Məlumata görə, mayın 12-dək ittifaqın İdarə Heyətinin iclası keçiriləcək və ümumi yığıncağın dəqiq tarixi müəyyənləşəcək. Ümumi yığıncaq isə iyunun 1-nə qədər olacaq. Toplantıda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.
Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. O, ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə R.Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi, tanınmış nasir, dramaturq, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatları laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyov bu il martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində 83 yaşında vəfat edib. Onun cənazəsi Bakıya gətirilib və martın 16-da I Fəxri xiyabanda torpağa tapşırılıb.