Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən "İncəsənət peşələri və yaradıcılıq" beynəlxalq festivalında təmsil olunub.
"Report "un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ilk dəfə olaraq Parisdə keçirilən "Revelation" İncəsənət və Yaradıcılıq Beynəlxalq festivalında Elvin Nəbizadənin "Gündüz və gecə" əsəri ilə təmsil olunub. Azərbaycanın stendinin açılışında respublikamızın Fransadakı səfiri Rəhman Mustafayev, yerli jurnalistlər, incəsənət işçiləri və digər şəxslər iştirak ediblər.
Azərbaycanın təmsil olunduğu Elvin Nəbizadənin "Gündüz və gecə" əsəri doğum yaxud ölüm, isti yaxud soyuq, təbii yaxud süni, gözəl yaxud çirkin kimi ziddiyyətlərin daimi mübarizəsi kimi simvolik məna daşıyır və insanları onlardan hər hansı birini seçdikləri zamanı düzgün seçim etmləri kimi müdrik fikri aşılamaq məqsədi güdür.
Festival iki ildən bir baş tutur və Fransada incəsənət dərnəkləri tərəfindən təşkil olunur. Tədbirin təşkilində məqsəd incəsənətin peşə kimi əhəmiyyətini və xüsusilə dünya iqtisadiyyatındakı rolunu nümayiş etdirməkdir.
Festival iyunun 12-dək davam edəcək.