"Əsasını ipəkqurdu sürfəsində əldə edilən zülalın təşkil etdiyi COVID əleyhinə peyvənd olduqca təsirli və ucuz olmalıdır".
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti”yə layihənin rəhbəri, Yaponiyadakı Küsü Universitetinin professoru Takahiro Kusakabe məlumat verib.
Koronavirusun səthində sünbül zülalı (S) var, onlar üç-üç qruplaşır və məhz onlar yoluxmanın baş verməsini təmin edən “mahmızlar”ı əmələ gətirirlər.
“İpəkqurdu sayəsində yeni növ koronavirusun zülalına çox bənzər, amma içərisində heç bir virusun olmadığı süni sünbüllü zülal yaradırıq. Buna görə də o, zərərsizdir”, - professor deyib.
Proses ipəkqurdunun orqanizminə yalnız həşəratları yoluxduran, insanlar üçün isə zərərsiz olan və içərisində koronavirusun genetik məlumatları olan bakulovirusun daxil edilməsi ilə başlayır. Bundan bir neçə gün sonra ipəkqurdunun bədənində koronavirusun sünbül zülalına çox bənzər bir zülal “yetişir”.
“Hazırda iki növ peyvənd hazırlayırıq – inyeksiya formasında və oral qəbulla”, - professor vurğulayıb.
Elm adamı hesab edir ki, onun bu metodu adi peyvəndlərlə müqayisədə daha çox miqdarda və daha yüksək təsirli peyvənd istehsal etməyə imkan verəcək. Özü də onun qiyməti qrip əleyhinə peyvənd həddində - bir neçə min yen (bir neçə on dollar) olacaq. Bu maliyyə ili ərzində, yəni 31 mart 2021-ci ilə qədər peyvəndin heyvan üzərində sınaqları keçiriləcək.