Bakı. 25 fevral. REPORT.AZ/ "Ümid edirik ki, ABŞ ilə Rusiya arasında əldə olunan Suriyada atəşkəs razılığı bu ölkədə siyasi proseslərin əsasını formalaşdıracaq". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama İordaniyanın Kralı II Abdullah İbn Əl-Hüseynlə görüşdən sonra jurnalistlərə deyib.
Ağ Evin başçısı qeyd edib ki, fevralın 27-də qüvvəyə minəcək atəşkəs razılığı ilə bağlı əsasən nikbin də olsa, "gözləntilər o qədər də yüksək deyil".
"Suriyada vəziyyət gərgindir. Düzdür, son bir həftə ərzində, xüsusi ilə humanitar sahədə, müəyyən irəliləyişlər müşahidə edirik. Növbəti həftələrdə də gərginlik artmasa, uzun müddətli sülh üçün zəmin yarana bilər" - deyə Obama vurğulayıb.
Onun sözlərinə görə, müxalifət ilə Bəşşar Əsəd hakimiyyəti atəşkəs razılığına riayət etsələr, terrorçu İŞİD qruplaşması ilə mübarizə aktivləşə bilər.