Çinin keçmiş lideri Mao Szedunun imzaladığı rəsmi dövlət ziyafət menyusu 275 min dollara hərraca çıxarılıb.
“Report”un məlumatına görə, bu barədə “Associated Press” xəbər verib.
Bostonda yerləşən “RR Auction”, Pakistanın sabiq Baş naziri Hüseyn Şahid Suhravardinin Çinə ilk dövlət səfərini qeyd etmək üçün 1956-cı il oktyabrın 19-da Pekində təşkil olunmuş ziyafət üçün hazırlanmış menyunun satışını elan edib.
Menyu Çinin 6 dövlət xadimi, o cümlədən Mao Szedun və baş nazir Çjou Enlay tərəfindən qələmlə imzalanıb. Ziyafətdə hər iki ölkənin yeməkləri, delikateslər təqdim olunub.
“Mao Szedun və Çjou Enlay tərəfindən imzalanmış bir menyunu əlinizdə saxlamaq, əlinizdə diplomatik əlaqə, mədəni mübadilə və onilliklər boyu davam edən dostluq hekayəsini izah edən keçmişin bir parçasını tutmaq deməkdir”, - “RR Auction”un icraçı vitse-prezidenti Bobbi Livinqston deyib.