İndoneziya Kənd Təsərrüfatı Nazirliyi evkaliptdən hazırladıqları və COVID-19 yoluxmalarının qarşısını alacaq “antivirus boyunbağı”nı bazara çıxartmaq niyyətindədir.
“Report” “Tribun News”a istinadən xəbər verir ki, bu barədə ötən gün nazir Siyahrul Yasin Limpo bildirib.
Nazirin dediyinə görə, Səhiyyə Tədqiqatları və İnkişafı Agentliyi (Balinqbanqtan) tərəfindən hazırlanan yeni məhsulun qarşıdakı aylarda kütləvi istehsalı təşkil ediləcək: “Bu, Nazirliyin tədqiqatçıları tərəfindən ərsəyə gətirilmiş COVID-19-u dəf edəcək və ya qarşısını alacaq dörd məhsuldan biridir”.
Evkalipt bitkisinin 700 növündən birinin koronavirusu məhv etdiyini diqqətə çatdıran nazir həmçinin yeni məhsulun təsirindən də danışaraq taxıldıqdan 15 dəqiqə ərzində koronavirusun 42 faizini məhv etdiyini dilə gətirib: “Biz onu sınamışıq. 30 dəqiqə ərzində 80 faizini məhv etməyə qadirdir. Biz bu məhsulun dezodorant formasını da hazırlamışıq. Əgər bıcaq yarası alsaq, həmin yara bu məhsulla sağala bilər”.
Balinqbanqtan rəhbəri Fəcri Dcufri də yeni məhsulu nazirliyin koronavirus testi müsbət çıxmış 20 əməkdaşı üzərində sınadıqlarını və həmin xəstələrin tənəffüsünü düzəltməyə kömək olduğunu qeyd edib.
Buna baxmayaraq, bir sıra mütəxəssislər yeni məhsulun virusu, həqiqətən də, dəf edə bilməsinə dair elmi dəlillərin ortada olmadığını bildirirlər.
“Dünyada hələlik bu xəstəliyə qarşı dərmanın tapılmadığını bilirik. Fikrimcə, vahimə içində olan cəmiyyətdə bu kimi iddiaları yaymaq bizim tərəfdən doğru olmaz”, - deyə Eyxman Molekul Biologiyası İnstitutunun direktor müavini Heravati Sudoyo fikrini bildirib.