Bakı. 6 mart. REPORT.AZ/ "IMAX şirkəti virtual reallıq (VR) bazarına çıxmağı planlaşdırır və bu texnologiyanın istifadə ediləcəyi 6 kinoteatr açmağa hazırlaşır".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu şirkətin rəhbəri Riçard Gelfond bildirib.
İlk belə mərkəz yanvar ayında Los-Ancelesdə açılıb. Kinoteatrın qonaqları qısametrajlı film izləməyə və ya xüsusi "HTC Vive" dəbilqələrində oyun oynaya bilərlər.
R.Gelfondun sözlərinə görə, mərkəzin yanvarın 6-da baş tutan açılışından bəri artıq 5 min nəfər kinoteatrda olub və onların təxminən 90%-i müsbət rəy veriblər.
Ümumiyyətlə, şirkət pilot layihə çərçivəsində Böyük Britaniya, Çin, eləcə də ABŞ-ın Kaliforniya və Nyu-York şəhərlərində VR-kinoteatrlar açmaq niyyətindədir.