Bakı. 18 yanvar. REPORT.AZ/ Serbiya prezident Aleksandr Vuçiç bu ölkəyə səfər edən Rusiyanın dövlət başçısı Vladimir Putinə dörd aylıq, "Paşa" ləqəbli Şar-Planin iti hədiyyə edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Serbiya lideri vurğulayıb ki, bu, çox ağıllı və sədaqətli, amma inadkar xarakterli küçükdür. Bildirilir ki, Şar-Planin iti soyuğa dözümü, canavar və ayılara qarşı qorxmaz mübarizəsi ilə məşhurdur.
Onun cinsi Şar-Planin dağlıq massivinin şərəfinə Şar-Planin iti adlandırılıb. Mətbuat vurğulayıb ki, küçüyün "çox ciddi nəsli" var.
Yeri gəlmişkən, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da ötən ilin sentyabrında Putinə "Sadiq" ləqəbli küçük hədiyyə edib.
Daha əvvəl məlum olub ki, Rusiya Prezidenti Vladimir Putinə Serbiyaya səfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armina Alibaşiç adlı bir nəfər tutulub.