Yuxarı

​"Standard&Poor's" Səudiyyə Ərəbistanının reytinqini iki pillə azaldıb

Qətərin reytinqi isə sabit qalıb

Bakı. 18 fevral. REPORT.AZ/ "Standard&Poor's" beynəlxalq reytinq agentliyi neft qiymətlərinin azalması səbəbindən Səudiyyə Ərəbistanının suveren kredit reytinqini aşağı "A+" səviyyəsindən iki pillə azaldaraq "A-" səviyyəsinə endirib. Agentlik neft qiymətlərinin kəskin azalması fonunda Fars körfəzinin digər iki ölkəsi - Oman və Bəhreynin kredit reytinqini aşağı istiqamətdə dəyişib. Belə ki, Omanın suveren kredit reytinqi "BBB+"dan "BBB-"a, Bəhreyninki isə "BBB-"dan "BB"yə endirilib.

Agenlik hesab edir ki, 16 və 17 fevral tarixlərində neft hasilatçısı ölkələrin keçirdiyi hasilatın dondurulması istiqamətindəki görüşlərin nəticələri neftin qiymətinə önəmli təsir etməyəcək. Buna görə də agentlik 2016-cı il üçün neft proqnozunu azaldaraq 40 dollar/barel, 2018-ci ilə kimi isə 50 dollar/barel olaraq ehtimal edib. "S&P" Səudiyyə Ərəbistanı ilə bağlı keçən ilin oktyabrında dərc etdiyi məruzədə isə neftin 2016-cı il üçün proqnozunu 55 dollar/barel, 2018-ci ilə kimi isə 70 dollar/barel olacağını açıqlamışdı.

Buna baxmayaraq, agentlik digər körfəz ölkəsi Qətərin reytinqinə toxunmayaraq "AA" səviyyəsində təsdiq edib. Ekspertlər agentliyin bu qərarını Qətər hökumətinin inkişaf etməkdə olan infrastruktura, səhiyyə və təhsilə investisiya qoyaraq prioritetlərini müəyyən etmələri ilə əlaqələndiriblər. Agentlik Qətərin 2022-ci il futbol üzrə dünya çempionatının keçirilməsi ilə bağlı davam edən layihələri uğurla başa çatdıra biləcəklərini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi