Proqnoz: İyuna qədər avronun məzənnəsi 1,22 dollara çata bilər

Proqnoz: İyuna qədər avronun məzənnəsi 1,22 dollara çata bilər ​Ekspertlər: "Maliyyə bazarları cari ili müsbət dinamika ilə tamamlayacaq"
Maliyyə
15 Mart , 2016 16:47
Proqnoz: İyuna qədər avronun məzənnəsi 1,22 dollara çata bilər

Bakı. 15 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarlarının 2016-cı ili müsbət dinamika ilə başa vuracağı gözlənilir. İlin əvvəlini pessimist əhval-ruhiyyədə keçirən maliyyə bazarlarının tədricən sabitləşəcəyi, ilin ikinci yarısından isə artıma keçəcəyi proqnozlaşdırılır. Maliyyə bazarlarında tədavül edən aktivlərin qiymətinin artması mərkəzi bankların monetar ekspansiyası nəticəsində likvidliyin artırılması ilə bağlıdır. Belə ki, hazırda Avropa Mərkəzi Bankı (ECB) və Yaponiya Mərkəzi Bankı (BOJ) monetar ekspansiya və mənfi uçot dərəcəsi tətbiq edir. Bu ölkələrdəki izafi likvidlik isə depozit faizlərinin mənfi olması səbəbi ilə xarici ölkələrə, əsasən də ABŞ və inkişaf etməkdə olan ölkələrə üz tutur.

Qeyd edək ki, maliyyə bazarlarında bu il ən mühüm qərar ABŞ Federal Ehtiyat Sistemindən (FES) gözlənilir. Keçən ay FES-in 2016-cı ildə uçot dərəcəsini artırmaq ehtimalı 30% idisə, hazırda 78% təşkil edir. Dolların dünyadakı digər önəmli valyutalarla müqayisədə son vaxtlar zəifləməsi FES-in faizi yüksəldəcəyi ilə bağlı ehtimalları daha da artırıb. 

Lakin analitiklər martın 15-16-da keçiriləcək FES-in növbəti toplantısında uçot dərəcəsinin artırılmayacağını proqnozlaşdırır. Bunu dollar istiqrazları üzrə fyuçers əməliyyatları göstərir. İqtisadçılar arasında keçirilən sorğuda FES-in iyun ayında uçot dərəcəsini artırması ehtimalı 50%-dən artıqdır. Məhz bu səbəbdən dolların məzənnəsinin iyun ayına qədər zəifləməsi və 1,20-1,22 USD/EUR-a çatması ehtimal edilir. 

Dolların zəifləməsi ehtimalları, neft hasilatının azalması, ABŞ-da aktiv neft quyularının sayının düşməsi neftin bahalaşması ilə bağlı proqnozları gücləndirir. Bu il ərzində neftin 50 dollar/barel səviyyəsinə qədər bahalaşması və cari ili 40-50 dollar/bareldə tamamlaması gözlənilir.

Qızılın qiymətində isə ilin sonuna qədər azalma qaçılmazdır. FES-in uçot dərəcəsini artırması ilə bərabər qızılın qiymətində geriləmə proqnozlaşdırılır və qiymətin 1 000-1 100 dollar/unsiya diapazonuna qədər geriləməsi mümkündür.

Fond birjaları 2016-cı ili hazırkı səviyyəyə yaxın tamamlayacaq. FES rəsmiləri uçot dərəcəsinin artırılması üçün qlobal maliyyə bazarlarında müsbət dinamikanın zəruriliyini də dilə gətiriblər. Bu da 2016-cı ildə maliyyə bazarlarının sərt dəyişikliklərə məruz qalmayacağını göstərir.

Son xəbərlər

Orphus sistemi