“Nikoil Bank” yerli lizinq şirkətini məhkəməyə verib

“Nikoil Bank” yerli lizinq şirkətini məhkəməyə verib Bankın iddiası şirkətə borc verilmiş 2 mln. manatla bağlıdır
Maliyyə
16 Dekabr , 2016 11:34
“Nikoil Bank” yerli lizinq şirkətini məhkəməyə verib

Bakı. 16 dekabr. REPORT.AZ/ “Nikoil Bank” ASC eyni adla fəaliyyət göstərən, lakin törəməsi olmayan “Nikoil Leasing” MMC-ni məhkəməyə verib. “Report”un əldə etdiyi məlumata görə, iddiaya səbəb Bankın 2 il bundan əvvəl lizinq şirkətinə borc verdiyi 2 mln. manatdan artıq puldur.

Belə ki, 25 noyabr 2014-cü il tarixində “Nikoil Bank”la “Nikoil Leasing” arasında borc müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Bank lizinq şirkətinə illik 16%-lə, 36 ay müddətinə 2,13 mln. manat borc verib. Vəsait “Nikoil Leasing”in dövriyyəsinin artırılması məqsədi ilə cəlb olunub.

Bununla belə, lizinq şirkəti indiyə qədər banka borcundan cəmi 100-150 min manat qaytarıb. “Nikoil Leasing”in ödəniş qrafikinə normal əməl etmədiyini görən “Nikoil Bank” məsələni məhkəmə yolu ilə həll etməyə qərar verib.

İddiaya dekabrın 22-də, saat 10:30-da Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılacaq (lizinq şirkətinin hüquqi ünvanı Səbail rayonundadır). İş hakim Zaur Əliyevin icraatındadır.

Qeyd edək ki, “Nikoil Leasing” məsələnin şərhindən imtina edib.

Son xəbərlər

Orphus sistemi