Yuxarı
    Bağlamaq

    “Cənub Qaz Dəhlizi” QSC daha 1 mlrd. dollarlıq avrobond yerləşdirib

    İstiqrazların 45%-i ABŞ, 40%-i Birləşmiş Krallıq, 13%-i digər Avropa ölkələri, 2%-i isə Asiya və Yaxın Şərq ölkələri tərəfindən alınıb

    Bakı. 15 mart. REPORT.AZ/ Ötən ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən 1 mlrd. ABŞ dolları məbləğində 7%-lik gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, emitent, 144a/RegS tələblərinə uyğun olaraq, 1 mlrd. dollar dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb.

    "Report" xəbər verir ki, istiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib. İlkin buraxılmış istiqrazların gəlirlilik dərəcəsi daxilində yeni istiqrazların 5,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilməsi Azərbaycana, eləcə də "Cənub Qaz Dəhlizi" QSC-yə kapital bazarının müsbət münasibətinin təzahürüdür. Əlavə emissiya 2026-cı ilə qədər buraxılmış beynəlxalq istiqrazların ümumi məbləğini 2 mlrd. dollara yüksəldib, bununla da bu emissiya ölkədə hazırda mövcud olan ən iri məbləğli avrobond buraxılışı hesab olunur.

    "Cənub Qaz Dəhlizi" QSC-nin dövlət zəmanətli istiqrazları investorların böyük marağına səbəb olub. Belə ki, istiqrazların ən böyük hissəsi - 45%-i ABŞ, 40%-i Birləşmiş Krallıq, 13%-i digər Avropa ölkələri, 2%-i isə Asiya və Yaxın Şərq ölkələri tərəfindən alınıb. Buraxılışa gözləndiyindən artıq abunə toplanılmış və təklifin 90%-ni fond menecerləri təşkil edib, bu da öz növbəsində nüfuzlu institusional investorlar arasında şaxələnmiş bölgüyə yol açıb. Bu emissiya ötən 12 ayda "Cənub Qaz Dəhlizi" QSC tərəfindən beynəlxalq kapital bazarlarında ikinci uğurlu avrobond buraxılışıdır. Beynəlxalq istiqrazların uğurlu emissiyası xarici investorların Azərbaycanın güclü iqtisadiyyatına və dünyada ən böyük qaz yataqlarından biri üçün nəql infrastrukturunun inkişafına inam və etibarının bariz nümunəsidir.

    Emitent qismində çıxış edən və səhmlərinin 100%-i birbaşa və dolayısı ilə Azərbaycana məxsus olan “Cənub Qaz Dəhlizi” QSC, Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.

    Emitent tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir. "Clifford Chance" və "Omni" hüquq şirkətləri emitentin hüquq məsləhətçisi qismində, "White & Case" və "BM Morrison Partners LLC" şirkətləri isə birgə aparıcı menecerlərin hüquq məsləhətçisi qismində çıxış edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi