Azərbaycanda dövlət xərcləri ortamüddətli xərclər və strateji planlar əsasında müəyyən ediləcək

Azərbaycanda dövlət xərcləri ortamüddətli xərclər və strateji planlar əsasında müəyyən ediləcək Dövlət büdcəsi xərclərinin nəticəliliyinin, səmərəliliyinin qiymətləndirilməsi, zəruri vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılması üçün xərclərin ortamüddətli xərclər çərçivəsində və strateji planlar əsasında hazırlanması ilə bağlı işlər görülür.
Maliyyə
2 Aprel , 2019 09:44
Azərbaycanda dövlət xərcləri ortamüddətli xərclər və strateji planlar əsasında müəyyən ediləcək
Hesablama Palatası / Report

Dövlət büdcəsi xərclərinin nəticəliliyinin, səmərəliliyinin qiymətləndirilməsi, zəruri vəsaitlərin əsaslı şəkildə proqnozlaşdırılması üçün xərclərin ortamüddətli xərclər çərçivəsində və strateji planlar əsasında hazırlanması ilə bağlı işlər görülür. 

"Report" xəbər verir ki, bunu rəsmi mətbuatda dərc edilmiş müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

"Digər bir məsələ də vergilər üzrə artıqödəmə məbləğləri ilə bağlıdır və artıq bununla bağlı addımlar atılır. Hesablama Palatası artıq neçə illərdir ki, həmin məsələyə xüsusi diqqət ayırır. İlin sonunacan istifadə edilməyən vəsaitlərin depozit hesabatlara deyil, vahid xəzinə hesabına köçürülməsi ilə bağlı təkliflər də rəylərimizdə daim vurğulanır", -  V.Gülməmmədov bildirib. 

Keçən il Hesablama Palatası dövlət büdcəsinin icrası ilə bağlı daha ətraflı məlumat təqdim etmək, hesabatlılıq və şəffaflığı artırmaq məqsədilə geniş əlavə hesabat hazırlayaraq öz internet səhifəsində yerləşdirib. Eyni zamanda, dövlət büdcəsinin layihəsinə və icrasına təqdim edilmiş rəylərin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması işləri də davam etdirib. Bunlardan əlavə, dövlət maliyyə sisteminin bəzi sahələrində ilk dəfə nəzarət tədbirləri aparılıb, təhlil işlərinin əhatə dairəsi genişləndirilib, artıq və əsassız xərclənmiş vəsaitin qaytarılması istiqamətində işlərin əvvəlki illərə nisbətən gücləndirilməsi nəticəsində büdcəyə qaytarılmış vəsaitin məbləği 28,9 faiz artıb. 

Onun sözlərinə görə, son dövrlər xüsusilə güclənən islahatlar, idarəetmə sisteminin təkmilləşdirilməsi və normativ-hüquqi aktların təkmilləşdirilməsi maliyyə inzibatçılığına da öz təsirini göstərib. Təkcə ötən il 53 audit nəticələri üzrə 714, 2017-ci ildə isə 49 auditlə 689 nöqsan müəyyən edilmişdir. Hesablama Palatasının sədri bildirmişdir ki, dövlət satınalmaları ilə bağlı Prezidentin təşəbbüsü ilə İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən əlavələr də, təbii ki, bu istiqamətdə məsuliyyətin daha da artmasına səbəb olub. 

"Vəsaitdən təyinatı üzrə istifadə edilməməsi halları da azalıb. Yeri gəlmişkən qeyd edim ki, bizim təklifimizlə vəsaitlərin təyinatının dəyişdirilməsi anlayışına bu yaxınlarda hüquqi status verilməsi gözlənilir. Fikrimizcə, anlayışın tərifinin doğru verilməsi - normativ sənədlərdə təsbit edilməsi anlaşılmazlığın aradan qaldırılmasına və vəsaitlərin təyinatı üzrə istifadəsinə səbəb olacaq", -  V.Gülməmmədov bildirib.

Son xəbərlər

Orphus sistemi