Azərbaycanda sabah devalvasiya olacağı ilə bağlı söz-söhbətə son qoyulub

Azərbaycanda sabah devalvasiya olacağı ilə bağlı söz-söhbətə son qoyulub Azərbaycan Mərkəzi Bankı ənənəvi vaxtından təxminən 2 saat əvvəl ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb
Maliyyə
29 Sentyabr , 2017 16:05
Azərbaycanda sabah devalvasiya olacağı ilə bağlı söz-söhbətə son qoyulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) sabah ölkədə devalvasiya ilə bağlı söz-söhbətə son qoyub.

“Report” xəbər verir ki, qurum təcili olaraq (ənənəvi vaxtından, təxminən, 2 saat əvvəl) ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb.

AMB sabah və oktyabrın 2-də 1 dolların 1,7002 manata bərabər olacağını bəyan edib. Bu, son 3 günün məzənnəsi ilə eynidir.

Xatırladaq ki, AMB ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib. Müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.

Müraciətdə deyilir ki, dövlət büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədi ilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir. Bu xəbər əhali arasında sabah manatın kəskin şəkildə dəyərdən düşə biləcəyi fikri yaradıb. Çünki milli valyutanın 2015-ci il fevralın 21-də həyata keçirilmiş 34%-lik ucuzlaşdırılması məhz şənbə gününə təsadüf edib. 

Son xəbərlər

Orphus sistemi