Yuxarı

Azərbaycanda ən yüksək artım dinamikası müşahidə olunan sığorta növləri müəyyənləşib

Daxilolmalar üzrə bu, kreditlərin sığortası, ödənişlər üzrə isə su nəqliyyat vasitələrinin sığortası növləridir

Bakı 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tətbiq olunan sığorta xidmətləri arasında ən ciddi artım kreditlərin sığortası sahəsində qeydə alınıb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, bu növ sığortada yığım 10,3 dəfə artaraq 1,2 mln. manat təşkil edib. Artım dinamikasına görə 2-ci yeri kənd təsərrüfatı heyvanlarının sığortası növü tutub. Burada toplanan sığorta haqları 4,3 dəfə artaraq 1,95 mln. manata çatıb.

Sığorta yığımlarının məbləği həyatın ölüm halından sığortasında 3 dəfədən çox artaraq 15,3 mln. manat, həyatın yaşam sığortasında 36,2% artaraq 48,6 mln. manat, sağalmaz xəstəliklərdən sığortada 2,5 dəfə artaraq 343 min manat, fərdi qəza və xəstəlik sığortasında 0,9% artaraq 9,95 mln. manat, tibbi sığortada 7,4% artaraq 61,3 mln. manat, səyahət sığortasında 12,3% artaraq 1,96 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 19,9% artaraq 27,6 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 31,5% artaraq 16,1 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 11,2% artaraq 370 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında 92,5% artaraq 145 min manat təşkil edib.

Hesabat dövründə sığorta növləri arasında ən ciddi azalma isə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə yığım 54,6% azalaraq 867 min manata düşüb. Azalma dinamikasına görə 2-ci yeri işçilərin dələduzluğundan sığorta xidməti tutub - daxilolmalar 43,7% azalaraq 567 min manat təşkil edib.

Sığorta yığımlarının məbləği əmlakın yanğından və digər risklərdən sığortasında 25,7% azalaraq 30,4 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 0,6% azalaraq 64,8 mln. manat, KASKO sığortasında isə 33,4% azalaraq 34,5 mln. manat təşkil edib.

Sığorta ödənişlərinə gəlincə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 111 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişlərin müsbət dinamikasına görə 2-ci yeri kreditlərin sığortası tutub - ödənişlər 12,7 dəfə artaraq 73 min manata çatıb.

Sığorta ödənişlərinin məbləği həyatın ölüm halından sığortasında 5,2 dəfə artaraq 1,13 mln. manat, həyatın yaşam sığortasında 10,9 dəfə artaraq 23,6 mln. manat, fərdi qəza və xəstəlik sığortasında 9,7% artaraq 1,4 mln. manat, tibbi sığortada 5,4% artaraq 44,2 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortasında 2,5 dəfə artaraq 7,15 mln. manat, KASKO sığortasında 2,9% artaraq 25,8 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 85,4% artaraq 2,1 mln. manat, daşınmaz əmlakın icbari sığortasında 39,4% artaraq 1,8 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 15,4% artaraq 27,2 mln. manat təşkil edib.

Sığorta ödənişləri üzrə ən yüksək azalma isə işçilərin dələduzluğundan sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 100% azalıb. Azalma dinamikasına görə 2-ci yeri nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 70,5% azalaraq 8 min manata düşüb. Səyahət sığortası üzrə ödənişlər isə 12,6% azalaraq 239 min manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi