Yuxarı

​Azərbaycan Sığortaçılar Assosiasiyası gələcək planlarını açıqlayıb

ASA Insurance Europea müşahidəçi qismində üzv olmaq niyyətindədir

Bakı. 19 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Beynəlxalq Maliyyə Korporasiyası(IFC) ilə birlikdə kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi mövzusunda panel müzakirəsi keçirəcək. "Report"un verdiyi xəbərə görə, bu barədə ASA-nın sədri Orxan Bayramov gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışarkən məlumat verib.

O.Bayramov, həmçinin bildirib ki, bundan başqa, dekabrda əmlak sığortasında böyük sığorta hadisələrinin tənzimlənməsi üzrə treninq keçiriləcək: "Bu sahədə yerli ekspertlərə ehtiyac yoxdur, regional ekspertlər var. İtaliya və Türkiyədən mütəxəssislər gələcək. Bu treninq - "workshop" itkilərin tənzimlənməsinə baxanlar üçündür və ödənişsiz olacaq".

ASA sədri hazırda sığortada "davranış kodeksi" üzərində işlədiklərini deyib və gələcəkdə qanunvericilikdə həmin maddənin də ola bilməsi mümkünlüyünü istisna etməyib.

O.Bayramov gələcəkdə ASA-nın "Insurance Europe"a müşahidəçi qismində üzv olması barədə düşündüklərini də deyib: "Hazırda assosiativ üzv olmaq real deyil. Lakin müşahidəçi kimi üzv ola bilərik. Bizim texniki yardıma ehtiyacımız var".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi