Ziya Əliyev: “Sığorta sektorunun investisiya xərcləri dinamik artır”
- 22 may, 2024
- 07:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda sığorta sektorunun investisiya xərcləri dinamik olaraq artır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
"Artıq sektorun aktivləri 2 milyard manata yüksəlib, onun investisiyaları 1 milyard manatı keçib. Sığorta hazırda ölkənin iqtisadiyyatının dinamik inkişaf edən sektorlarından biridir, son 4 ildə 2 dəfə böyüyüb. Ötən il ölkədə 1,2 milyard manat sığorta haqqı yığılıb. Hazırda sığortalanmış predmetlərin sayı 7 milyon 300 minə yaxındır. Sığorta təminatı verilən risklərin məbləği isə yarım trilyon manatı ötüb. Bu isə Ümumi Daxili Məhsulun (ÜDM) 4 mislindən çoxdur. Ötən il sığorta ödənişlərinin məbləği 600 milyon manata yaxınlaşıb. Bu isə sektorun əhalinin və biznesin zərərlərinin kompensasiya edilməsində mühüm rol oynadığını göstərir", - deyə o qeyd edib.