Xəyyam İsmayılov: "BOKT-ların kapitalı son iki ildə 52 % artıb"
- 28 oktyabr, 2026
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) kapitalı son iki ildə 52 % artıb.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirdiyi 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, ötən dövrdə BOKT-larda struktur dəyişiklikləri işçi potensialının artımı ilə müşayiət olunmuşdur: "Belə ki, son iki ildə işçilərin sayı 30 % artaraq 4 500 nəfərə çatıb. BOKT-ların ümumi aktivləri 60 % artaraq 1,6 milyard manata çatıb. Görülən tədbirlər və tələblərin tətbiqi nəticəsində sektorda kapitallaşma da müəyyən istiqamətdə inkişaf edib".
Bundan başqa, AMB rəsmisi deyib ki, hesabat dövründə BOKT-ların istiqraz buraxılışı iki dəfəyə yaxın 100 milyon manata yaxınlaşıb, öhdəlikləri isə 65 % artıb: "Bu göstəricilər həyata keçirilən tədbirlərin nəticəsində vətəndaşların və investorların BOKT-lara etimadının artdığını göstərir".