Azərbaycanda banklar ölkə iqtisadiyyatının əsas sütunlarından biridir və onlar dayanıqlı bankçılıq üçün ekoloji, sosial və idarəetmə (ESG) standartarı əsasında inkişafı dəstəkləyən strategiyalar hazırlamalıdır.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O, qeyd edib ki, banklar "yaşıl maliyyələşdirmə" və davamlı layihələrin təşviqi ilə cəmiyyətin gələcəyinə töhfə verə bilər: "Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi 'Yaşıl Taksonomiya'nı maliyyə sektorunda dayanıqlı inkişaf və "yaşıl keçid" üzrə strateji hədəflərin reallaşdırılması baxımından vaxtında atılmış mühüm addım hesab etmək olar. Bu sənəd iqtisadi sektorlar üzrə "yaşıl fəaliyyət"in növlərini, alt-növlərini və onların texniki təsnifat meyarlarını müəyyən edir, 10 sektoru əhatə edir".
V.Qasımlı əlavə edib ki, beynəlxalq səviyyədə "yaşıl taksonomiya"lar maliyyə sistemini daha dayanıqlı etmək və maliyyə resurslarını iqtisadiyyatda "yaşıl fəaliyyət"ə yönləndirmək üçün vacib alətlərdən biri sayılır.