"Unibank" bu ilin I yarısını mənfəətlə başa vurub
- 22 iyul, 2020
- 07:02
Yeniliklərdən dərhal xəbərdar olun!
"Unibank" ASC bu ilin I yarısını 9,1 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 24 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-iyun aylarında "Unibank"ın gəlirləri 54,6 milyon manat (illik müqayisədə 41,5% az), xərcləri 47,1 milyon manat (1,2% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,6 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Unibank"ın aktivləri 714,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% azdır. Bunun 418,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,3% böyüyüb.
Hesabat dövründə "Unibank"ın öhdəlikləri 8,8% azalaraq 621 milyon manata, o cümlədən depozit portfeli 16,9% azalaraq 439,8 milyon manata, balans kapitalı isə 20,9% azalaraq 93,7 milyon manata düşüb.
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.