“Unibank” 2017-ci ildəki fəaliyyətinin nəticələrini açıqlayıb

“Unibank” 2017-ci ildəki fəaliyyətinin nəticələrini açıqlayıb Bakı. 19 yanvar. REPORT.AZ/ “Unibank” ASC 2017-ci ili 4,044 mln. manat xalis mənfəətlə başa vurub.
Maliyyə
19 Yanvar , 2018 13:48
“Unibank” 2017-ci ildəki fəaliyyətinin nəticələrini açıqlayıb
Report

Bakı. 19 yanvar. REPORT.AZ/ “Unibank” ASC 2017-ci ili 4,044 mln. manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ötən il “Unibank”ın nizamnamə kapitalı təxminən 1,8 dəfə artaraq 125,685 mln. manatı ötüb, məcmu kapitalı isə 67,488 mln. manata çatıb.

Bankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, əmanətlərin cəlbi, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb.

“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2017-ci ildə səhmdarların yaxından dəstəyi ilə Bankın komandası daha yaxşı göstəricilərə nail olmaq üçün böyük səylə çalışıb: “Bankın bütün xidmət sahələri üzrə daha yaxşı nəticələr əldə etdik. Bir il ərzində bank iki dəfə kapitalını artırdı. İli mənfəətlə başa vurduq, rəqəmsal bankçılıqda yüksək göstəricilərə imza atdıq. Bu nəticələr bizim üçün Bankın ortamüddətli strategiyasını uğurla həyata keçirməkdə yaxşı baza rolunu oynayacaq”.

Ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biri olan “Unibank” 32 filialı ilə 870 min müştəriyə xidmət göstərir. Ötən il ümumi kredit portfelinin kiçilməsinə baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə 2,6 dəfə artıb.

Bank müştəri sayının da əhəmiyyətli dərəcədə artımına nail olub. Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. Unibank əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.

Bununla yanaşı, 2017-ci ildə ölkə bank bazarında ilk dəfə "Unibank"da pərakəndə kreditləşmə sahəsində innovativ model tətbiq olunub. Nəticədə, müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb.

İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə illik satış 2 dəfədən çox artmaqla yanaşı, portfelin həcmi 50 mln. manatı keçib. Pərakəndə biznes istiqamətində qeyri-faiz gəlirləri və pul köçürmələri 115% artıb. Plastik kartların sayında il ərzində 20%-dən çox artım olub.

Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan “Unibank” ötən il rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi “Unibank Mobile” istifadəçilərinin sayı ötən il 100 mini keçib. Sistem 2017-ci ildə beynəlxalq “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilərək, MDB ölkələri banklarının ilk 25-liyində yer alıb. Bununla yanaşı, “Unibank” 2017-ci ildə “Mastercard”ın innovasiyalar üzrə nominasiyasının qalibi olub.

2017-ci ildə bank sektorunda ilk dəfə olaraq fərdi sahibkarlar üçün mobil bank əlavəsi – “Unibank Business Mobile”ı istifadəyə verilib. İl ərzində daha da təkmilləşdirilmiş İnternet Bank istifadəçilərinin sayı isə 1,7 dəfə artıb.

2017-ci ildə “Unibank” ölkənin qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri olub. Bank Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub.

“Unibank” 2018-ci ili ölkə üçün iqtisadi artım ili kimi qiymətləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq”, - deyə məlumatda qeyd edilib.

Azərbaycanın iki aparıcı özəl bankı – “Mbank” (1992-ci il) və “Promtexbank”ın (1994-cü il) 2002-ci ildə birləşməsi nəticəsində “Unibank” adı altında fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə "Unibank" ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və DEG Almaniya İnvestisiya Şirkəti "Unibank"ın səhmdarları sırasındadır. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi