Türkiyə Mərkəzi Bankının (MB) uçot dərəcəsinin aşağı salınması haqqında qərarından sonra lirə ABŞ dollarına nisbətdə tarixi minimumları yeniləməkdə davam edir.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, bazar ertəsi səhər lirənin ABŞ dollarına nisbətdə məzənnəsi 9,84-ə çatıb, Bakı vaxtı ilə saat 11.00 radələrində isə 9,83 səviyyəsində ticarət olunub.
Qeyd edək ki, lirənin məzənnəsinin rekord səviyyədə düşməsi fonunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 18 %-dən 16 %-ə endirib ki, nəticədə lirənin ucuzlaşması sürətlənib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın 3 yüksək vəzifəli məmurunun, o cümlədən bank sədrinin 2 müavininin işdən azad edilməsi haqqında xəbərlər fonunda lirənin məzənnəsi kəskin ucuzlaşmağa başlayıb. “Eko Faktoring” şirkətinin direktoru Arda Tunca həmin 3 məmurun uçot dərəcəsinin aşağı salınmasının əleyhinə səs verdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə MB müstəqilliyini itirib, lirə isə ucuzlaşmaqda davam edəcək.