Türk lirəsinin “sərgüzəşt”ləri

Türk lirəsinin “sərgüzəşt”ləri İlin əvvəlindən Türkiyə valyutası dəyərinin üçdə birini itirib.
Maliyyə
18 Avqust , 2020 10:34
Türk lirəsinin “sərgüzəşt”ləri

Türkiyə Mərkəzi Bankının ölkə valyutasının məzənnəsi sabitləşdirmək üçün göstərdiyi səylərə baxmayaraq, lirə ABŞ dolları və avroya qarşı ucuzlaşmaqda daha bir rekorda “nail” oldu. Avqust ayının əvvəlindən kəskin ucuzlaşan lirənin bir neçə gün ərzində dollara qarşı məzənnəsi 6 faiz azalaraq 7,37 USD/TRY-dək geriləyib. İlin əvvəlindən Türkiyə valyutası dəyərinin üçdə birini itirib.

Bunun başlıca səbəbləri arasında koronavirus pandemiyası üzündən qonşu ölkədə iqtisadi vəziyyətin gərginləşməsini, o cümlədən turizm sektorundakı böhran vəziyyətini, habelə meyvə-tərəvəz ixracatının xeyli azalmasını, həmçinin tədiyə balansının cari hesablamalarında kəsirin artmasını göstərmək olar. Bununla yanaşı Mərkəzi Bankın ziddiyyətli addımları nəticəsində sərmayədarların etimadsızlığını də unutmamaq lazımdır.

Ötən ilin yayında Mərkəzi Bankın rəhbəri Murad Çətinqaya istefaya çıxandan sonra hökumət yumşaq pul siyasətinə başladı, il ərzində faiz dərəcəsi 24 faizdən 8,25 faizədək azaldı. Pandemiya başlayandan isə MB kreditləşməni yüksək səviyyədə saxlamaq üçün faiz dərəcəsini sürətləndirməyə başlasa da, nəticədə ölkədə inflyasiya daha da artdı və hazırda 12 faiz səviyyəsindədir.

Daha bir problem hökumətinin sərbəst hərəkət etmək üçün imkanlarının azalmasıdır. “Goldman Sachs”ın məlumatına görə cari ilin əvvəlində Mərkəzi Bank lirənin məzənnəsini saxlamaq üçün cəmi 65 milyard dollarlıq intervensiya edib ki, bu da bütövlükdə ötən ilki həcmdən daha çoxdur. Nəticədə ölkənin valyuta və qızıl ehtiyatları 89,5 milyarddan 46,6 milyard ABŞ dollarınadək geriləyib. Həm də həmin vəsaitin bir hissəsi yerli banklardan borc götürülüb. Ona görə də MB-nin borcları malik olduğu vəsaitdən daha çoxdur.

                 Türkiyənin valyuta və qızıl ehtiyatlarının həcmi (may-avqust):

Ekspertlərin qənaətinə görə, hazırda Türkiyə lirəsinin məzənnəsini sabitləşdirməyin yeganə yolu qalıb, o da faiz dərəcəsini artırmaqdır. Maraqlıdır ki, MB-ın keçmiş rəhbəri Murad Çətinqayanın istefaya göndərilməsi də faiz dərəcəsini azaltmaqdan imtina etməsilə bağlıdır. Hökumətin fikrincə, kreditlərin bahalaşması iqtisadi artımı ləngidə bilər. Ona görə də ekspertlərin fikrincə, hökumət faiz dərəcəsini artırmamaq üçün sona qədər səy göstərəcək, bu da vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq.

Pandemiyanın da təsiri nəticəsində Türkiyədə işsizlik səviyyəsi 13 faizə yaxındır ki, bu da son on ilin ən yüksək səviyyəsidir. Koronavirus mühüm gəlir mənbələrindən olan turizm sektoruna da böyük zərbə endirib. İyul ayının ikinci yarısında gündəlik yoluxmalar 900-a yaxın, avqustda isə 1 000-1 200 oldu. Ekspertlərin qənaətincə, yoluxmaların artması nəticəsində xarici ölkələr Türkiyəyə səyahətlərə qadağa qoya bilər, yəni turizm sektorunda böhran daha da kəskinləşər, büdcə mədaxili isə azalar.

Görünür, bu ehtimalları nəzərə alaraq bu il Türkiyədə faiz dərəcəsinin 10 faizədək, gələn il 14 faizədək artırılacağını güman edən “Goldman Sachs” ekspertlərinin fikrincə, qarşıdakı üç ay ərzində 1 ABŞ dollarının 7,75 lirəyə çatacağını gözləyirlər. “Capital Economics” isə məzənnənin 7,5 lirə səviyyəsində olacağını ehtimal edir.

Qeyd edək ki, faiz dərəcəsinin azaldılması yolunu seçən Böyük Britaniya, Ukrayna kimi ölkələrin mərkəzi bankları son olaraq bu yoldan daşınıblar. Məsələn, Ukrayna MB-nın qənaətincə iqtisadi siyasətinin ardıcıl olmasında, inflyasiyanın cilovlanması ilə monetarist stimul alətləri arasında məntiqi tarazlığın əldə olunmasında maliyyə bazar iştirakçılarının əmin olması daha mühümdür.

Xatırladaq ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) də dollarla bağlı faiz dərəcəsini 0-0,25 faizədək azaldıb. Bu, Böyük Tənəzzül dövründən sonra ən aşağı həddir. Lakin təkcə faiz dərəcəsini azaltmaqla iş bitmir. ABŞ-da iyul ayında işsizlik çox yüksək olan 10,2 faiz səviyyəsində olub. Apreldə 14,7 faiz, may ayında 13,3, iyunda 11,1 faiz olan işsizliyin nisbətən azalması yeni iş yerlərinin açılması ilə yox, daha çox karantindən sonra şirkətlər tərəfindən işçilərin geri qaytarılması ilə bağlıdır.

Türkiyəyə gəlincə, hazırkı vəziyyət ölkə iqtisadiyyatı üçün böyük zərbə olduğunu söyləmək olar. İndi sərmayədarlar hökumətin nə edəcəyini diqqətlə izləyir. Mərkəzi Bank cəsarətli addımlar ataraq ümidləri doğrultmasa, ölkədəki əcnəbi sərmayələrin xaricə kütləvi axını labüd olacaq.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi