"TuranBank" 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb

"TuranBank" 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən "TuranBank" ASC bu ilin 6 aylıq maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Maliyyə
25 İyul , 2023 16:32
TuranBank 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən "TuranBank" ASC bu ilin 6 aylıq maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

Bu il iyulun 1-nə "TuranBank"ın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 18 % və yaxud 141,3 milyon manat artaraq 930 milyon manata, o cümlədən müştərilərə verdiyi kreditlər 17,5 % və yaxud 85,7 milyon manat artaraq 575,5 milyon manata çatıb. Hesabat dövründə Bank strateji hədəflərinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın biznes müştərilərinə verdiyi kreditlər 16,6 % və yaxud 47,2 milyon manat artaraq 330,9 milyon manat təşkil edib. Bankın cəmi depozit portfeli isə 1 il əvvələ nisbətən 7,4 % və yaxud 33,2 milyon manat artaraq 484,1 milyon manat, o cümlədən fiziki şəxslər üzrə depozit portfeli 27,7 % və yaxud 84 milyon manat artaraq 387,5 milyon manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.

Hesabat dövründə institusional inkişaf və biznes subyektlərin maliyyələşdirilməsi məqsədi ilə "TuranBank" beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Bu istiqamətdə Bankla Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasına dəstək göstərilməsi üçün yeni saziş imzalanıb və layihənin I fazası uğurla yekunlaşıb. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, "Incofin" İnvestisiya və "IIV Mikrofinanz" Fondları, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), "Sparkassenstiftung" və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən Bank ənənəyə sadiq qalaraq hesabat dövründə də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “V Neftçili Yay Futbol Düşərgəsi”nə maliyyə dəstəyi göstərib. 9 gün davam edən düşərgədə 6-12 yaşlı 100 şəhid övladı üçün müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunub, həmçinin iştirakçılara xatirə hədiyyələri təqdim edilib.

1992-ci ildən fəaliyyət göstərən "TuranBank" 19 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı isə (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini və yaxud sosial şəbəkələrdəki (Feysbuk, İnstagram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

"TuranBank"

Bizimlə etibarlıdır…

Son xəbərlər

Orphus sistemi