Azərbaycanın Çindəki ticarət evləri ölkəmizə yaxşı investisiyalar cəlb edir.
“Report”un Pekinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib.
Onun sözlərinə görə, Pekindəki Ticarət Evi Çinin 6 şəhərində yerləşən 7 Ticarət Evindən biridir:
"Ticarət evləri, bir qayda olaraq, təkcə Azərbaycan məhsullarımızın bazarda təşviqi üçün deyil, həm də ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və turizm potensialının nümayiş etdirilməsi üçün bir vasitə kimi çıxış edir. Qeyd etmək lazımdır ki, bu vasitə çox səmərəlidir. Onun əsas üstünlüyü isə Azərbaycan məhsullarının 12 ay ərzində mütəmadi olaraq təqdim edilməsi imkanıdır”.
T.Nadiroğlu bildirib ki, bu müəssisələrin bir çoxunda dequstasiya tədbirləri keçirilir: “Azərbaycan məhsullarına maraq göstərən iş adamları bu tədbirlərə qatılırlar: "Burada əsas məqsədlərdən biri ölkəmizə investisiyaların cəlb edilməsidir. Böyük Çin şirkətlərinin Azərbaycana məxsus məhsulların Çində və müxtəlif şəhərlərdə satış kanallarının genişləndirilməsi üçün səylər göstərməsi vacib nüansdır. Bununla yanaşı, həmin şirkətlərin ölkəmizə investisiyaların cəlb edilməsinə çalışması bizim üçün çox əhəmiyyətlidir”.
Ticarət nümayəndəsi xatırladıb ki, ötən il iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edib: "Onlar Azərbaycana investisiya yatırmaq niyyətindədirlər. Bu məsələ ilə bağlı danışıqlar isə yekun mərhələdədir".