Azərbaycanda təmassız kart əməliyyatların sayı 4,6 dəfə artıb

Azərbaycanda təmassız kart əməliyyatların sayı 4,6 dəfə artıb 2019-cu ilin yanvar-iyun ayları üzrə ölkədə banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 mlrd manat, sayı 25,378 mln ədəd təşkil etmiş və ötən ilin analoji dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5,1% və 41,3% artım müşahidə olunub.
Maliyyə
31 İyul , 2019 11:24
Azərbaycanda təmassız kart əməliyyatların sayı 4,6 dəfə artıb

2019-cu ilin yanvar-iyun ayları üzrə ölkədə banklararası ödəniş sistemləri vasitəsilə aparılan ödəniş əməliyyatlarının həcmi 131,3 mlrd manat, sayı 25,378 mln ədəd təşkil etmiş və ötən ilin analoji dövrü ilə müqayisədə göstəricilər üzrə müvafiq olaraq 5,1% və 41,3% artım müşahidə olunub. 

Bu barədə “Report”a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, Hökumət Ödəniş Portalı (HÖP) üzərindən cari ilin I yarımili üzrə həyata keçirilən əməliyyatların həcmi 1,412 mlrd manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln manatı nağdsız qaydada həyata keçirilmişdir ki, bu göstərici 2018-ci ilin I yarımili ilə müqayisədə 3,4 dəfə artıb.

Bu il iyulun 1-nə ölkə üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 milyon ədədi ötüb. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olub. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.

I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9,532 mlrd manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artım olub. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil edib ki, ötən ilin analoji dövründə bu göstərici 16% idi.

Qeyd edilən dövr ərzində Azərbaycan üzrə bankomatların sayı 2 571 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Bankomatların 1373-ü Bakı şəhərində, 1198-i isə digər şəhər və rayonlarda yerləşir. Ölkədə banklar tərəfindən quraşdırılmış POS-terminalların sayı 63 396 ədəd olmuşdur ki, bunun da 25 747 ədədi təmassız POS-terminallardır. 2018-ci ilin I yarımili ilə müqayisədə təmassız POS-terminalların sayı 26% (5 305 ədəd) artıb.

“Aparılan təhlillər bir daha göstərir ki, ölkədə rəqəmsal ödəniş infrastrukturunun inkişafı, ictimaiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın hədəflərinə nail olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək”, - AMB-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi