Taleh Kazımov: "Büdcə xərcləri inflyasiyaya ciddi təsir göstərmir"
- 16 noyabr, 2026
- 12:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda büdcə xərcləri inflyasiyaya ciddi təsir göstərmir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, AMB-nin mandatına uyğun olaraq büdcə xərclərinin inflyasiyaya təsiri də diqqət mərkəzindədir: "Aparılan təhlillərə əsasən, cari xərclər 0,34 % bəndi həcmində inflyasiya yaradır ki, bu da əhəmiyyətli hesab olunmur. Əsaslı xərclər isə inflyasiyaya neytral təsir göstərir. Ümumilikdə təklif olunan büdcə layihələri müsbət qiymətləndirilir və son illərdə fiskal və monetar siyasətlər arasındakı sıx koordinasiyanın növbəti illərdə də davam edərək makroiqtisadi sabitliyə mühüm töhfə verəcəyinə ümid edilir".
T.Kazımov bildirib ki, cari xərclərin qeyri-neft-qaz gəlirlərinin hesabına ödənilməsi müsbət qiymətləndirilir: "Çünki bu, cari xərclərin dayanıqlı maliyyə mənbəyi hesabına maliyyələşdirilməsini təmin edir. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun transfertlərinin azaldılması strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığını qorumağa imkan verir. Büdcənin ümumi gəlirlərində qeyri-neft gəlirlərinin payının artması da AMB tərəfindən çox müsbət qiymətləndirilir, çünki bu siyasət büdcə gəlirlərinin neft sektorundan asılılığının azaldılmasına xidmət edir".