Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda aqrar sığortanın təşkili üçün bu prosesdə dörd tərəfin iştirakı təmin edilməlidir. “Report”un məlumatına görə, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində çıxış edən İsveçrənin “Swiss Re” təkrarsığorta şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin müştərilərlə iş üzrə baş mütəxəssisi Gepa Yansen-Klaus deyib.
Onun sözlərinə görə, bu tərəflərdən biri fermerlərdir ki, onlar iqlim dəyişikliyi və digər amillərin mənfi təsirindən özlərini qorumaq istəyirlər. İkinci tərəf təbii olaraq sığorta şirkətləridir ki, fermerlərin riskini sığortalayır.
"Üçüncü tərəf banklardır ki, onlar aqrar sektorla aktiv işləyir və müştərilərin götürdüyü kreditləri vaxtında qaytarması onlar üçün çox vacibdir. Dördüncü tərəf isə hökumətdir ki, o da ərzaq təhlükəsizliyinin təmin edilməsində maraqlıdır", - deyə ekspert qeyd edib.
Bundan başqa, isveçrəli mütəxəssis təklif edib ki, aqrar sığorta məhsullarının rahat satışı üçün onlar maksimum dərəcədə sadə hazırlansın: "Yalnız sadə məhsullara fermerlər arasında tələbat yaratmaq olar".