Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 0,42 dollar artırıb. Bu barədə "Report" Bakı Fond Birjasına istinadən xəbər verir.
Məlumata görə, hazırda SOCAR istiqrazları 1 007,56 dollardan alınır. İstiqrazların satış qiyməti isə kəskin azaldılıb. Hazırda SOCAR istiqrazları 1 018 dollardan satılır ki, bu da ötən həftənin sonu ilə müqayisədə 7 dollar azdır.
Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 17,86 dollardan 10,44 dollara qədər azaldıb.
SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.