Səfir ADB-nin rəsmisi ilə regiondakı layihələri müzakirə edib
- 03 noyabr, 2024
- 18:13
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Asiya İnkişaf Bankının (ADB) Qazaxıstan missiyasının direktoru Utsav Kumarla regionda gerçəkləşdirilən layihələri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.
“<…> Utsav Kumarı səfirliyimizdə qəbul etməyə çox şad oldum”, – o qeyd edib.
Səfir görüşdə “Azərbaycanda və regionda həyata keçirilən layihələr və cari məsələlər”in müzakirə olunduğunu açıqlayıb.
Xatırladaq ki, daha əvvəl ADB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı davam etdirməyi planlaşdırdığı və bu əməkdaşlıq çərçivəsində tələbələrin iqtisadiyyatı “yaşıllaşdırmağın” yeni üsullarını inkişaf etdirə biləcəklərini bildirmişdi.
Oktyabrın 7-də Azərbaycan və ADB arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdi.