Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla əməkdaşlığı davam etdirməyi planlaşdırır və bu əməkdaşlıq çərçivəsində tələbələr iqtisadiyyatı “yaşıllaşdırmağın” yeni üsullarını inkişaf etdirə biləcəklər.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal "Green Hackathon 2024" müsabiqəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.
“Biz çox şadıq ki, son dörd il ərzində ADB universitetlərin yerli və qlobal problemlərin həlli yollarını tapmağa həvəsləndirilməsində iştirak edib”, - o bildirib.
Durrani-Camalın sözlərinə görə, bu müsabiqə tələbələrin Azərbaycanın rifahı üçün istifadə edə biləcəkləri müxtəlif “yaşıl ideya”ları öyrəndikləri dörd illik prosesin kulminasiya nöqtəsidir.
Direktor həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və “yaşıl rels”lərə keçid üçün böyük səylə çalışır. "Ümid edirik ki, ADB-nin 2025-2029-cu illər üçün hazırladığı yeni tərəfdaşlıq strategiyası çərçivəsində əməkdaşlığımızı davam etdirəcəyik", - o vurğulayıb.