Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsində qeyri-neft-qaz sektorundan gəlirlərin payı 51,8 % çox olub ki, bu da proqnozdan 1,5 faiz bəndi çoxdur.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"4 ay ərzində büdcənin qeyri-neft-qaz gəlirləri 6,867 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 % çoxdur", - deyə o qeyd edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13,259 milyard manat, xərcləri isə 10,75 milyard manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 % və 20,4 % çoxdur. Son nəticədə 4 ayda büdcədə 2,509 milyard manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır.