İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün əlavə tədbirlərin maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulub.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi nəzərdə tutulur: "Cari ilin ötən dövrü ərzində dövlət büdcəsi gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi, ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını, onların bölünməsini gündəmə gətirir".
Komitə iclasında "2023-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik müzakirə edilir. Yenidən baxılmış büdcənin gəlirləri 33 779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 005,5 milyon manat və yaxud 9,8 % çoxdur.