Bakı. 13 aprel. REPORT.AZ/ "Qazprombank" "Rusiya ixrac mərkəzi" SC ilə birlikdə və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Bakıda Bankın sənaye müəssisələrinin biznes-missiyasını təşkil edib.
"Report" xəbər verir ki, tədbir iştirakçılarına "Qazprombank" Qrupuna daxil olan və unikal texnoloji avadanlıqların, yerli və xarici iqtisadiyyatın əsas sektorları - neft-qaz, neft-kimya, yanacaq-energetika kompleksi, metallurgiya və dağ-mədən sahələri üçün kompleks həllərin təchizatçıları olan sənaye müəssisələrinin imkanları təqdim olunub.
Nümayəndə heyətinin tərkibinə "Qazprombank", OMZ ASC ("İjora zavodları" ASC, "Krioqenmaş" ASC, "Uralximmaş" SC), "REP Holdinq" SC, "UK UZTM-KARTEKS" MMC, "ERIELL GROUP", "ENTER Engineering Group","Ingenix Group" və "İnnovasiyalı neft-qaz texnologiyaları" MMC-nin nümayəndələri daxil olub. Biznes-missiyada Azərbaycan İqtisadiyyat Nazirliyinin, Azərbaycanın ən böyük şirkətlərinin - neft-qaz və neft-kimya, enerji və dağ-mədən kompleksi sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak edib.
"Ölkələrimiz arasında tarixən tərəfdaşlıq münasibətləri formalaşıb. Bunun da mühüm hissəsini biznes təşkil edir. Hazırda biznesdə əməkdaşlığımız çox məhsuldar inkişaf edir. Əminəm ki, biznes-missiya şirkətlərin Azərbaycandakı cari layihələrinə yeni təkan verəcək və "Qazprombank" sənaye Qrupunun Respublikadakı iştirakını genişləndirməyə imkan verəcək", - deyə "Qazprombank"ın birinci vitse-prezidenti Aleksandr Kaznaçeyev bildirib.
"SOCAR Polymer"şirkətinin baş direktoru Fərid Cəfərov tədbirdə bildirib ki, "Qazprombank" Azərbaycanda marağını genişləndirmək istəyir. "Bankda Azərbaycanda sənaye layihələrini dəstəkləmək üçün xüsusi qrup yaradılıb. Bu gün sənaye şirkətlərinin nümayəndələri öz avadanlıqlarını təqdim ediblər. Rusiya və Azərbaycan arasında əməkdaşlığın daha da inkişafı üçün Rusiya maliyyə resursları avadanlıqların Azərbaycana satışına dəstək verməyə, Azərbaycan istehsalçılarını, Azərbaycanda qurulan sənaye layihələrini dəstəkləməyə hazırdırlar". O qeyd edib ki, onlardan biri də "SOCAR Polymer" layihəsidir. F.Cəfərov xatırladıb ki, "Qazprombank" "SOCAR Polymer" layihəsinə 500 mln. dollara yaxın kredit ayırıb. O bildirib ki, bu layihə uğurla davam edir: "Bu tədbirin keçirilməsində əsas məqsəd Rusiyanın və Azərbaycanın iqtisadi əməkdaşlığını genişləndirmək, iki ölkə üçün əlavə dəyəri artırmaqdır".