Qazaxıstanın iri investisiya şirkətləri Azərbaycan bazarına çıxmaqda maraqlıdırlar

Maliyyə
  • 12 iyun, 2025
  • 12:01
Qazaxıstanın iri investisiya şirkətləri Azərbaycan bazarına çıxmaqda maraqlıdırlar

“PAŞA Kapital” investisiya şirkəti hazırda Qazaxıstan Fond Birjası (KASE) ilə mümkün üzvlük barədə danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə “PAŞA Kapital”ın direktorunun satış üzrə müşaviri İlqar Tağıyev şirkətin 2024-cü ildəki fəaliyyətinin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

O bildirib ki, Qazaxıstan Fond Birjası ilə danışıqlar aparılır: “Bizə üzvlük təklif olunub. Bu istiqamətdə artıq ilkin təhlil aparılıb. Layihə gələn il həyata keçirilə bilər".

İ.Tağıyev qeyd edib ki, xarici investorların Azərbaycanın maliyyə bazarına marağı yüksək olaraq qalır:

"Xüsusilə, qazaxıstanlı investorlar tərəfindən aktivlik müşahidə olunur. Onlar əməkdaşlığa, həmçinin perspektivli regional investisiya platforması kimi gördükləri Azərbaycan bazarına çıxmağa maraq göstərirlər. Biz artıq Qazaxıstanın iki iri investisiya şirkəti ilə ilkin danışıqlar aparmışıq. Onlar “PAŞA Kapital” ilə tərəfdaşlıq imkanlarını öyrənirlər".

Xatırladaq ki, “PAŞA Kapital” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

44 filmi