Azərbaycanda yerli mədəniyyət kifayət qədər innovativdir - insanların çoxlu ideyaları və onları həyata keçirmək istəyi var, lakin bu yolda tez-tez təşkilat daxili maneələr yaranır.
“Report” xəbər verir ki, bunu “Bir Ecosystem”in baş direktoru, "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədri, "PASHA Technology" MMC-nin Müşahidə Şurasının üzvü və “PASHA Holding” MMC-nin baş direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən "AmCham Lead x Talks" sessiyasında bildirib.
"Biz öz təcrübəmizdə görürük: holdinq daxilində əməkdaşların çoxlu sayda təşəbbüsləri var, onlar ideyalarını bölüşmək və inkişaf etdirmək istəyirlər. Lakin buna nə mane olur? Bu, yaradıcılığın olmaması deyil, təşkilati məhdudiyyətlər - proseslər, KPI, qaydalar və həmin "təşkilati fəaliyyətsizlik"dir. Qorxu və müqavimətin yaranmasına səbəb insanlar deyil, korporativ idarəetmə strukturu və məntiqidir", - o qeyd edib.
F.Məmmədovun sözlərinə görə, holdinq daxilində bu mühiti dəyişdirmək üçün konkret addımlar atılır.
"Biz innovasiyaları sadəcə dəyər kimi deyil, ayrıca strateji istiqamət kimi ayırmışıq. Əməkdaşların ideyalar təklif edə, geri dönüş ala və onların həyata keçirilməsi üçün real resurslar, o cümlədən maliyyə resursları əldə edə biləcəyi platformalar yaradılıb. Bu yaxınlarda biz “Future Lab” açdıq – bu, şirkətlərin fərqli şəkildə: dizayn düşüncəsi prinsipləri əsasında daha çevik və açıq şəkildə işləyə biləcəyi xüsusi məkandır", - o bildirib.
Bundan əlavə, büdcələşdirmə və satınalmalar da daxil olmaqla daxili proseslərə yanaşma yenidən nəzərdən keçirilib.
"Hər bir biznesdə KPI-dan kənar büdcə var. Hətta büdcə heç bir nəticə olmadan xərclənsə belə, bu, uğursuzluq hesab edilmir. Söhbət minlərdən deyil, bəzən milyonlardan gedir. Biz həmçinin satınalma prosedurlarını uyğunlaşdırmışıq - minlərlə işçisi olan təşkilatlar üçün nəzərdə tutulmuş standart proseslər ideyaların sürətlə sınaqdan keçirilməsi üçün uyğun deyil. Mən müştərilərin innovasiyalara hazır olmadığına inanmıram. Onlar daha yaxşı xidmət istəyirlər - və əgər siz bunu innovasiyalar vasitəsilə təmin edirsinizsə, onlar bunu qəbul edəcəklər", - F. Məmmədov vurğulayıb.