Azərbaycanda mikromaliyyələşmə xidmətləri xərc aparan proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"Halbuki, sahibkarlıq subyektləri ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərlə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır", - deyə o qeyd edib.
"Bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir, hətta cavab verdikdə belə, maliyyə institutları kiçik kreditlərin verilməsindən çəkinirlər", - deyə sədr əlavə edib.
Bundan başqa, O.Məmmədov deyib ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması istiqamətində Agentliyin qarşısında qoyulan vəzifələr sırasında KOB subyektlərinin maliyyə əlçatanlığının artırılması da yer alıb: "Bu günə qədər KOBİA Bakı və regionlar üzrə 21 mindən çox sahibkarın iştirakı ilə 584 sahəvi görüş, maarifləndirmə tədbiri keçirib, eləcə də agentlik yanında İctimai Şuranın iclasları təşkil edilib. Bu tədbirlərin 56-sı 1 600-dən çox sahibkarın iştirakı ilə maliyyə, güzəştli kredit və bankçılıqla bağlı olmuşdur".