“Nikoil Bank” bu ilin I rübünü mənfəətlə başa vurub
- 17 aprel, 2019
- 05:39
Yeniliklərdən dərhal xəbərdar olun!
“Nikoil Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 422,953 milyon manat təşkil edib.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 13,4% azdır.
“Nikoil Bank”ın aktivlərinin 205,059 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 6,8% kiçilib.
Hesabat dövründə “Nikoil Bank”ın cəmi öhdəlikləri 8,9% azalaraq 353,875 milyon manat, o cümlədən depozit portfeli 9,1% azalaraq 227,245 milyon manat, Azərbaycan Mərkəzi Bankı qarşısındakı öhdəliyi isə 32,5% azalaraq 27,2 milyon manat, Bankın cəmi kapitalı isə 30,7% azalaraq 69,078 milyon manat, o cümlədən nizamnamə kapitalı 42% artaraq 348 milyon olub.
Bu ilin I rübündə “Nikoil Bank”ın faiz gəlirləri 17,986 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 8,8% çox), faiz xərcləri 3,518 milyon manat (14,3% az), qeyri-faiz gəlirləri 1,233 milyon manat (14,2% az), qeyri-faiz xərcləri 6,577 milyon manat (24,6% çox), aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 6,099 milyon manat (31,5% az) təşkil edib. Son nəticədə Bank rübü 3,026 milyon manat mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 309 min manat zərərlə çıxmışdı.
Xatırladaq ki,“Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmlərinin 95,68%-i "Topaz Investment” QSC-yə, 4,22%-i Marina Kulişovaya, 0,1%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.