Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun qalıq vəsaiti 20,1 milyon manat təşkil edib ki, bu da ötən il dekabrın 1-i ilə müqayisədə 3 dəfə çoxdur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
"11 ay ərzində Fond maliyyə gücünü artırmaq və özəl sektorun inkişafını dəstəkləmək istiqamətindəki uğurla fəaliyyət göstərib, onun kredit portfeli 46,3 milyon manata çatıb", - deyə o qeyd edib.
Bundan başqa, nazir əvəzi deyib ki, hesabat dövründə Naxçıvanda verilmiş güzəştli kreditlərin 16,6 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da 1 il əvvələ nisbətən 3 dəfə çoxdur: "11 ay da 10,5 milyon manat problemli kreditin də geri qaytarılması təmin edilib ki, bu da illik müqayisədə 14 dəfə çoxdur".
"İş adamları real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Fondun güzəştli kreditləri hesabına maliyyələşdirmək imkanlarından yararlanmalıdırlar. Yerli istehsalın dəstəklənməsi və idxaldan asılılığın azaldılması istiqamətində geniş imkanlar mövcuddur", - deyə A.İsmayılov əlavə edib.