Naxçıvanda bank hesablarının sayı 3 %-ə yaxın artıb

Maliyyə
  • 02 may, 2024
  • 08:30
Naxçıvanda bank hesablarının sayı 3 %-ə yaxın artıb

Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarında 295 943 bank hesabı olub.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Bu, 2023-cü il aprelin 1-nə nisbətən 2,8 % çoxdur.

Bank hesablarının 186 429-u cari, 108 322-si kredit, 1 192-si isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 9,6 % az, 34,2 % və 21,3 % çoxdur.

Bank hesablarının 3 658-i hüquqi, 292 285-i isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 43,5 % və 0,1 % çoxdur. Fiziki şəxslərin hesablarının isə 35 793-ü fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 12,4 % azalma deməkdir.

2024-cü ilin yanvar-mart aylarında muxtar respublikada 12 491 yeni bank hesabı açılıb ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən 26 % azdır. Yeni hesabların 759-u hüquqi, 11 732-si isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3,2 dəfə çox və 29,5 % azdır. Yeni açılan fiziki şəxslərin hesablarının 2 248-i isə fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 15,4 % artım deməkdir.

Hazırda Naxçıvanda 7 bank (“Naxçıvanbank” ASC və 6 bankın filialı - “Kapital bank” ASC, “Azərbaycan Beynəlxalq Bank” ASC, “Azər-Türk Bank” ASC, “Bank Respublika” ASC, “Access Bank” QSC və “Rabitə Bank” ASC), 2 bank olmayan kredit təşkilatlarının filialları (“FİNKA Azərbaycan” MMC və “Aqrarkredit” QSC) və 1 kredit ittifaqı “Bərəkət Kredit İttifaqı” MMC fəaliyyət göstərir.

44 filmi