Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 45 %-dən çox artıb
- 21 yanvar, 2026
- 15:43
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 45,2 % çoxdur.
Ötən il investisiya qoyuluşunun 40,5 %-i məhsul istehsalı sahələrinə, 30,9 %-i xidmət sahələrinə, 28,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 286,3 milyon manatı və yaxud 72,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 23,8 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat və yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib.
Son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,3 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % azalıb.
Ötən il istifadə olunmuş investisiyanın 10 milyard 972,1 milyon manatı və yaxud 51,7 %-i məhsul istehsalı sahələrinə, 7 milyard 179,6 milyon manatı və yaxud 33,8 %-i xidmət sahələrinə, 3 milyard 74,4 milyon manatı və yaxud 14,5 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub, 17 milyard 23 milyon manatını və yaxud 80,2 %-ini daxili investisiyalar təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard 18,3 milyon manatı və yaxud 75,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.