Türkiyənin çoxlu sayda investoru Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə sərmayə qoymaq istəyir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanla Türkiyə arasında turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında, qonşu ölkənin mədəniyyət və turizm nazirinin müavini, Komissiyanın həmsədri Nadir Alpaslan bildirib.
Onun sözlərinə görə, Qarabağda zəngin mədəni irsin düzgün formada dəyərləndirilməsi üçün iki ölkə arasında əməkdaşlıq aparıla bilər: "Bu istiqamətdə iki ölkənin fəaliyyətləri davam edir. Türkiyənin turizm sektorunda 50 ilə yaxın təcrübəsi olan çox güclü şirkətlər var. Bunlar ölkəmizdə investisiyalarını artırdıqları kimi Azərbaycan kimi qardaş ölkələrdə də yatırım etmək istəyirlər".
N. Alpaslan hesab edir ki, bu investisiyaların qoyulması təşviq edilərsə, Azərbaycana çox sayda türk investoru gələr.
Xatırladaq ki, indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib. 2023-cü ilin dövlət büdcəsindən bu işlərin görülməsi üçün 3 milyard manat nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4 % çoxdur.