“Muğan Bank” ASC bu ilin I yarısını 1,9 milyon manat zərərlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 80,9% azdır.
Yanvar-iyun aylarında “Muğan Bank”ın gəlirləri 23 milyon manat (illik müqayisədə 20,1% az), xərcləri 23,8 milyon manat (10,4% az), xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat (90,7% az) təşkil edib.
Bu il iyulun 1-nə “Muğan Bank”ın aktivləri 591,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur. Bunun 348,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,6% kiçilib.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 2,2% azalaraq 505,7 milyon manata, o cümlədən depozit portfeli 21,5% azalaraq 235,4 milyon manata düşüb, balans kapitalı 23,2% artaraq 86,1 milyon manata, o cümlədən nizamnamə kapitalı 7,9% artaraq 102,5 milyon manata çatıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.