“Moody's”: “Xalq Bank” dayanıqlılıq və konsentrasiya riskləri arasında balans saxlayır

Maliyyə
  • 09 iyul, 2025
  • 17:19
“Moody's”: “Xalq Bank” dayanıqlılıq və konsentrasiya riskləri arasında balans saxlayır

“Moody’s” beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqlərini “Ba3” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnoz isə “sabit” olaraq qalır.

“Report” xəbər verir ki, bu barədə agentliyin bankla bağlı yaydığı yeni reytinq hesabatında qeyd olunub.

Bundan əlavə, bankın baza kredit qiymətləndirməsi (BCA) və düzəliş edilmiş BCA “b1”, milli və xarici valyutalarda qısamüddətli depozit reytinqləri isə “Not Prime” (NP) səviyyəsində təsdiq edilib. Uzunmüddətli və qısamüddətli kontragent reytinqləri (CRR) “Ba2/NP”, kontragent risk qiymətləndirmələri (“CR Assessment”) isə “Ba2(cr)/NP(cr)” səviyyəsində müəyyən olunub.

Agentlik bildirir ki, BCA və düzəliş edilmiş BCA-nın “b1” səviyyəsində təsdiqlənməsi bankın ehtiyatlar yaradılmamışdan əvvəl davamlı mənfəətliliyi, güclü kapitallaşma səviyyəsi, stabil depozit bazasına əsaslanan sabit maliyyələşməsi və likvidlik göstəriciləri ilə əsaslandırılır.

Eyni zamanda, "Moody’s" qeyd edir ki, bu güclü tərəflər, xarici valyutada ifadə edilmiş kreditlərin yüksək payı və kredit riskinin ayrı-ayrı borcalanlarda əhəmiyyətli konsentrasiyası səbəbindən aktivlərin həssas keyfiyyəti ilə məhdudlaşır.

2024-cü ilin sonuna problemli kreditlərin payı 5,9 %-ə yüksəlib (2023-cü ildə - 5,3 % olub). Agentliyin proqnozuna görə, bank Azərbaycanda əlverişli makroiqtisadi vəziyyət şəraitində aktivlərin keyfiyyətinə nəzarəti saxlayacaq və problemli kreditlərin səviyyəsi 12-18 ay ərzində 5-6 % diapazonunda qalacaq.

Ötən il “Xalq Bank" 66 milyon manat xalis mənfəət əldə edib ki, bu da aktivlərin 2,2 %-lik rentabelliyini əks etdirir, bu isə son 5 ilin orta göstəricisindən (1,5 %) yüksəkdir. Mənfəətliyinin artımı əsasən 4,8 %-lik xalis faiz marjası və mülayim ehtiyat həcmləri ilə bağlıdır. "Moody’s" hesab edir ki, gələcəkdə kredit xərclərinin artması nəticəsində mənfəətlilik bir qədər azalsa da, mövcud əməliyyat mühiti və marjaların sabitliyi bankın mənfəətini qoruyacaq.

Maddi əsas kapitalın riskə çəkilmiş aktivlərə nisbəti (TCE/RWA) 2024-cü ilin sonuna 17,4 % təşkil edib (2023-cü ildə - 16,3 % olub). Bu artım RWA-nın 6 % azalması ilə bağlıdır. Agentlik kapitalın hazırkı səviyyəsinin mümkün zərərləri qarşılamaq üçün yetərli bufer yaratdığını bildirir və yaxın 12-18 ay ərzində aktivlərin artımının bərpası və dividend ödənişlərinin davam etməsi fonunda bu göstəricidə mülayim azalma gözləyir.

“Xalq Bank”ın əsas maliyyələşmə mənbəyi müştəri depozitləridir və 2024-cü ilin sonuna bu vəsaitlər bankın ümumi öhdəliklərinin 76 %-ni təşkil edib.

Bununla belə, əmanət portfelində konsentrasiya yüksəkdir - 20 ən böyük depozit sahibi ümumi depozitlərin 54 %-ni təmin edir. "Moody’s" bu riski bankın sabit müştəri bazası və əsas müştərilərlə güclü əlaqələrlə kompensasiya olunmuş kimi qiymətləndirir.

Bankın likvid aktivləri ümumi aktivlərin 23 %-ni təşkil edir. Bu, "Moody’s"in fikrincə, qısamüddətli öhdəliklərin icrası üçün kifayət edir.

Agentlik bildirir ki, “Ba3” səviyyəsindəki uzunmüddətli depozit reytinqləri bankın “b1” səviyyəsindəki BCA göstəricisinə və ehtiyac yarandıqda dövlət dəstəyi ehtimalının orta səviyyədə olmasına əsaslanır. Bu yanaşma “Xalq Bank”ın ölkə üzrə kredit və depozit bazarlarında müvafiq olaraq 6,9 % və 5,1 %-lik payı ilə əsaslandırılır. Dövlət dəstəyi komponenti reytinqin bir pillə yuxarıda müəyyənləşdirilməsinə imkan verib.

Reytinq üzrə “sabit” proqnoz Azərbaycanın əlverişli iqtisadi göstəriciləri və bankın dayanıqlı fəaliyyət perspektivlərinə əsaslanır. "Moody’s" qeyd edir ki, aktivlərin keyfiyyətinin əhəmiyyətli yaxşılaşması, problemli kreditlərin payının azalması, borcalanlarda risk konsentrasiyasının azaldılması və kredit portfelinin dedollarizasiyasının davam etməsi kimi hallar bankın reytinqinin artırılmasına səbəb ola bilər.

Əksinə, davamlı mənfəətliliyin zəifləməsi, aktivlər üzrə risklərin artması və ya dövlət dəstəyi ehtimalının azalması reytinqə mənfi təsir göstərə bilər. Hazırda belə bir riskin yüksək olmadığı qeyd olunur.