Misin qiyməti bu gün artaraq 2011-ci ilin rekordunu qırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qiymət artımı dolların zəifləməsi və Çilidən tədarüklə bağlı narahatlıqlar fonunda baş verib.
Bakı vaxtı ilə saat 08:58-də “Comex” birjasında misin iyul fyuçerslərinin qiyməti 0,94% artaraq bir funt üçün (təxminən 0,45 kiloqram) 4,3842 ABŞ dollarınadək yüksəlib.
Bundan bir qədər öncə isə bu göstərici 4,3943 dollara çatıb ki, bu da 2011-ci ilin avqustunun əvvəlindən bəri ən yüksək göstəricidir.
Londonun Metal Birjasında (LME) üç ay sonra tədarük olunacaq misin bir tonunun qiyməti aprelin 23-də 1,6% artaraq 9 551,5 dollara çatıb. Bu arada alüminium 0,06% və sink 1,05% bahalaşaraq bir tonu müvafiq olaraq 2 364,5 dollara və 2 852 dollara satılıb.
Dolların indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyutası ilə müqayisədə dolların məzənnəsi) hazırda 90,7 bənd səviyyəsinə (0,17%) düşüb. Bu, martın əvvəlindən bəri ən aşağı səviyyədir. Dolların ucuz olması sayəsində qiymətləri dollarla ifadə olunan əmtəə malları, o cümlədən mis başqa valyutalarla satın alınan zaman daha ucuz başa gəlir.
Bundan başqa, Çilidəki vəziyyət də qiymətə təsir edib. Belə ki, dünyanın mis tədarükünün təxminən dörddə birini təmin edən bu ölkədə liman işçiləri tətilə başlamaq niyyətindədirlər.